Gözdə olmayan könüldə də olmaz.
Ata sözümüzün də təsdiqlədiyi təcrübə "Vizual kommunikasiyanı" ilk bloq yazım olaraq seçdim. Mövzu üçün ən yaxşı mexanizm yazının hansı suallara aydınlıq gətirəcəyini əvvəlcədən müəyyənləşdirməkdir. Belə etməklə məlumata struktur vermiş oluruq ki, mən də aşağıdakı mövzu alt başlıqları vasitəsiylə bunu etməyə çalışmışam.
Ünsiyyət nədir və necə baş verir?
Kütlə hədəfli ünsiyyət və ya vizual kommunikasiya.
Vizual rabitə nə edir?
Vizual ünsiyyətin insan həyatında önəmi.
Etnik mənsubiyyət və mədəniyyətlərə görə dəyişən vizual dil.
Görüntü vasitəsiylə ünsiyyətin üstünlükləri.
Qrafik dizayn və vizual kommunikasiya.
Qeyd edim ki, bütün yazı boyu "vizual rabitə", "vizual ünsiyyət", "vizual kommunikasiya" kimi eyni mənanı ifadə edən söz birləşmələri ilə rastlaşacaqsınız ki, bu da yazının daha asan oxunması məqsədi ilə tətbiq etdiyim söz oyunlarıdır.
Kommunikasiya
Kommunikasiya göndərən və qəbul edən olmaqla iki insan və ya insan kütləsi arasında baş tutan duyğu, düşüncə, fikir alış-verişi və ya davranış hadisəsidir.
Başqa sözlə kommunikasiya qarşılıqlı anlaşılan işarələr, simvollar və semiotik qaydalar vasitəsi ilə mənaları bir varlıqdan və ya qrupdan digərinə ötürməkdir. Tərkibində yazılı və şifahi nitqin, görüntünün, düşüncənin olduğu fəaliyyət növüdür. Bəzən toxunuşla, bəzən dialoq yaradaraq, bəzən dinləyərək, baxaraq və oxuyaraq, bəzən isə düşünərək ünsiyyət qura bilirik. Ünsiyyət prosesi aşağıdakı struktur əsasında yaranır və davam edir.
Kommunikasiya ehtiyacdır və ya ehtiyacdan doğan bir fəaliyyətdir.
Sosial və bioloji varlıq olan insanının kommunikasiya ehtiyacı təbiidir. Bizə ünsiyyət yaratmaq üçün verilən vasitələri istifadə etməliyik. Fiziki ehtiyaclarımızı qarşılamaq və ya alacağımız hər hansısa bir məhsul (xidmət) üçün rabitə qurmağa ehtiyac duyuruq. Həmçinin etibar və inam qazanmaq, informasiya mübadiləsi etmək, biznes qurmaq, təsir və təqdim etmək, təhsil və karyera üçün, cəmiyyətə inteqrasiya, təbliğat və təşviqat üçün ünsiyyətə ehtiyacımız var. Bu təbii ehtiyacı kateqoriyalara bölərək 4 başlıqda təqdim edə bilərik.
Daxili kommunikasiya. İnsan hadisələrə verdiyi reaksiyalar və təhlillər zamanı özü ilə ünsiyyət qurur, öz xarakteri ilə rastlaşır və danışır.
Xarici kommunikasiya. İnsanın ailə fərdləri, dostlar, iş yoldaşları və ətrafındakı digər insanlarla münasibət zamanı yaratdığı ünsiyyətdir.
Qrup halında kommunikasiya. Bir qrup ilə digər qrup yaratdığı ünsiyyətdir. Ailələr arası görüşlər, şirkətlər arası iş birlikləri, teatr və kino kimi sənət sahələrində aktyorlarla izləyici kütlə arasında ünsiyyət qrup halında kommunikasiya üçün nümunədir.
Kütlə hədəfli kommunikasiya. Minlər, yüzminlər, milyonlar və daha çox insan kütləsinə hədəflənən kommunikasiya növüdür. Musiqi, e-poçt, televizor, bədii əsərlər sənayesi böyük kütlələr ilə ünsiyyət vasitələrdir.
Kütlə hədəfli ünsiyyət və ya
vizual kommunikasiya
Ünsiyyətin insan həyatında önəmi əvəzsizdir və bu təbii ehtiyacı qısa təsvir etdikdən sonra, diqqəti emosional təsir gücünə malik vizual dili formalaşdıran rabitə növünə yönəltmək istərdim. Bəzən ünsiyyət qurmaq və onu effektiv şəkildə etmək üçün şifahi nitq kifayət etmir. Bu zaman göz kontaktı, bədən dili, intonasiya və digər qeyri-verbal vasitələr fəaliyyətin keyfiyyətini artırmaq məqsədi ilə istifadə edilir. Vizual dil verbal dilin təsirsiz olduğu sahələrdə meydana çıxır və uzun cümlələr, söz yığınlarının edə bilmədiklərini şəkillər, illustrasiyalar, canlı təsvirlər vasitəsiylə yüksək səviyyədə icra edə bilir.
Vizual kommunikasiya məlumatı görüntü köməyi ilə təqdim etmək metodudur!
Vizuallardan doğru şəkildə istifadə edərək auditoriya ilə ünsiyyət zamanı mürəkkəb məlumatları sadələşdirə, hekayə və mesajınızın təsir gücünü artıra, fiziki obyektləri təsvir edə bilərsiniz.
Vizual rabitə nə edir?
Yuxu xaric insan həyatı ünsiyyət quraraq və ya yaradaraq keçir. Səhərdən axşama kimi biz kommunikasiya müharibəsində iştirak edirik. Televiziya, metro xəritələri, məlumatlandırıcı lövhələr, posterlər, kino, qablaşdırmalar, restoran və mağaza adları, geyim tərzləri, arxitektura nümunələri, küçə reklamları, yol hərəkətini tənzimləyən işarələr, səthə sahib olan hər şey davamlı şəkildə bizə bir nəyisə izah edir. Görüntülü ünsiyyət təklifləri vizual media vasitələri ilə edilir. Marshall McLuhanın deyimi ilə "Media müxtəlif formalar vasitəsiylə mövcud ola biləcək mənaları çatdırmaq üçün vasitədir" və bu vasitələr günümüz də müxtəlifdir.
Vizuallar ilə əyani görüntü yaradan media vasitələrini 3 başlıqda cəmləyə bilərik:
Çap nəşrləri – kitab, qəzet, jurnal, poster, xəritə və s.
Hərəkətli görüntü vasitələri – kino, video, animasiya və s.
İnteraktiv görüntü vasitələri – interfeys, mobil tətbiqetmələr və s.
Araşdırmalara görə insan gün ərzində 2000-ə yaxın kommunikasiya təklifi alır.
Media vasitələri təqdim edilən görüntü müəyyən elementlərin (xətt, rəng, forma, faktura, sahə, tipoqrafika və s.) iştirakı ilə yaranır. Formalaşan şəkil özü haqqında bir məlumat verir. Aşağıdakı nümunələr vasitəsiylə verilən məlumatın funksiyalarını təsvir etməyə çalışacam.
Tanıdıcı (Deskriptiv) vizual – bir obyektin tanınması işini öz üzərinə götürür, onun necə göründüyünü təsvir edir.
İzahedici vizual – bir obyekt haqqında məlumatı necə başa düşməyimizə yön verir. Bu cür görüntülər vasitəsiylə diqqətimiz formaya deyil, təsir gücü ilə mənaya yönəlir.
Quraşdırıcı (Konfiqurativ) vizual – obyektin hissə birləşmələrini ifadə edən, diqqəti tərkibə və kateqoriyalara yönəldərək məlumatı asanlıqla emal etməyə kömək edir.
Funksional vizual – obyekt və ya sistemin işləməsini izah edən mexaniki görüntü yaradır.
Təlimatlandrıcı (İnstruktiv) vizual – proses ardıcıllığını təsvir edən görüntü yaradır.
Riyazi vizual – riyazi və məntiqi fikiri izah edən görüntü formalaşdırır.
Vizual rabitənin insan həyatında önəmi
İnsan doğularkən danışmazdan əvvəl görür. Danışıb və oxumaq sonradan əldə edilən və ətraf mühitə görə şəkil alan xüsusiyyətlərdir. Lakin göz orqanı dildən daha əvvəl ünsiyyət fəaliyyətinə başlayır. Göz ilə obraz arasında əlaqə yaranır və insan görüntünü ətraf aləmi dərk etmək üçün bir alətə çevirir. John Berger "İnsanlar şəkillər vasitəsiylə düşünürlər" deyərkən bu fikiri bildirir. İnsanın ətrafda gördüklərini anlaması və adlandırması üçün doğulduğu mühit vacib əhəmiyyət kəsb edir. Gördüklərimizə qarşı biganə qalmamağımız isə genetik DNT kodlarımıza yerləşdirilmiş bir insani bacarıqdır.
İlk insan vizual ünsiyyəti seçib
İnsanın görüntü vasitəsiylə rabitə yaratması tarixi qədimdir. Dünyanın bir çox yerində ilk insan qəbilələrinə məxsus petroqrlif, geoqlif təsvirlər tapılıb. Uzağa getmədən ölkəmizdə "Qobustan dövlət tarixi qoruğunda" qayaüstü təsvirlərə diqqət etsək insanların heyvan, ov və rəqs səhnələri vasitəsiylə bir-birilərinə nələrisə izah etdiklərinə şahid ola bilərik. Məhz elə həmin təsvirlər indinin özündə də bizimlə ünsiyyətə girərək qədim onların həyat tərzləri haqqında məlumat verirlər.
Yazının kəşfi yazılı nitqin formalaşmasına və təzahürünə çevrilir. Misir hiyoroqlifləri və ideoqramlar vizual rabitəyə emosiya qatmağı bacarmışdılar. Zaman keçdikcə rəsm işi növbəti mərhələyə qaldıra bilib.
Bilik və təcrübə əsasında insan gördüyünü adlandırmağa, təhlil etməyə və müvafiq qaydada əlaqə yaratmağa çalışır. Uşaq yaşlarımızda baxaraq anlamadıqlarımızı, zaman keçdikcə zəka inkişafına əsasən görərək anlayırıq. Baxmaq ilə görmək termin olaraq fərqli mənaları verirlər. Baxmaq göz üzvünün köməyi ilə baş verir. Görmək isə gördüyünü incələmək, anlamaq üçün digər orqanları (zəka və ürək kimi) işə salmağın adıdır. Deməli vizual rabitə zamanı sadəcə göz orqanı deyil, zəka və düşüncə müştərək şəkildə iştirak edir. Məhz elə bu zəngin ünsiyyət prosesi üzərində dayanmağımız və onu necə uğurla şəkildə idarə edə biləcəyimizi düşünməyimiz lazımdır. İnsan gözü ilə görür, daha sonra gördüyünü beyni ilə düşünür, onun haqqında maraqlanır və nəhayət zəkası ilə cavablayır.
Prosesə əsasən deyə bilərik ki, hazırlanan vizual diqqəti çəkərək tez seçilirsə, asan başa düşülür, emosional təsir edir və estetik görüntünü qoruyursa deməli uğurludur.
Gördüyünə məna yükləmə hadisəsi mədəniyyətlərə görə dəyişə bilir.
Görmək və gördüyünü təhlil etmək bəzən insanın etnik mənsubiyyəti, mədəniyyəti, cinsi, fərdi və tənqidi mövqeyi, tarixi və texniki biliklərinə görə dəyişə bilir. Rənglər bu iddiamıza yetərli qədər uğurlu nümunədir. Rənglər vizual ünsiyyətin önəmli hissəsidir. Ruhi bəsləyən, hissləri tərənnüm edən rənglərin cinslərə görə psixoloji təsir gücü dəyişə bilir. Araşdırlamalara əsasən qırmızı rəng kişilər tərəfindən risk, təhlükə rəngi kimi qəbul edilir. Qadınlar da isə bu rəng romantik əhval-ruhiyyə yaradır.
Avropa və Amerika qitəsində ağ rəng cavanlığı, yenilk və təmizliyi tərənnüm edirsə, Asiya qitəsinin nəhəng mədəniyyətlərində ağ rəng saflıq və məsumluqla yanaşı matəmi də tərənnüm edə bilir.
Görüntü vasitəsiylə ünsiyyətin üstünlükləri
1. Asan yadda qalır.
Tədqiqatlar göstərir ki, insanların 10% -i eşitdikləri məlumatları, 20% -i oxuduqlarını və hədəf auditoriyanın 70% -i gördüklərinu daha çox xatırlayır.
2. Məlumatı qısa zamanda emal etməyə imkan verir Uzun cümlələr gec oxunur və gec emal olunur. Lakin verilən məlumat və ya mesajı vizuallar vasitəsiylə daha qısa zaman ərzində izah edə bilərik.
3. Diqqəti cəlb edir və vahid dili formalaşdırır.
Yol hərəkətini tənzimləyən işarələri bu istiqamətdə nümunə göstərə bilərik.
4. Emosional təsir edir.
Doğru vizual effektlər (metafora və s.) məlumata fokuslanıb onun emosional təsir gücünü artırır.
5. Seçimə təsir edir.
İnsanın görmə və gördüyünə məna vermə xüsusiyyətləri, ətraf mühit, coğrafi mövqey və s. məlumatların əsasında vizual seçimə təsir edə bilir.
Vizual kommunikasiya vasitəsi "Qrafik dizayn"
Sənət əgər özünü ifadə formasıdırsa, dizayn ünsiyyət formasıdır. Uğurlu biznes fəaliyyəti üçün marketinq nə qədər önəmlidirsə, dizayn vasitəsiylə vizual rabitəni doğru qurmaq marketinqin uğurlu və tutarlı olması üçün bir o qədər vacibdir. Effektiv dizayn satışa təsir edir, tez anlaşılır, təşviq edir və yol göstərir. Bu xüsusiyyətlərin hər birisində məhsul və ya mesaj ilə istehlakçı arasında rabitə hadisəsi baş verir. Bu səbəbdən qrafik dizayn fəaliyyəti əksər hallarda vizual kommunikasiyadır.
Dizayn zəka ilə sənət bacarığının ortaq məhsuludur. Ivan Chermayeff
Qrafik dizayner elmi-texniki bacarıqları vasitəsiylə vizual rabitəni yarada biləcək şəxsdir. Ancaq qrafik dizayn vizual kommunikasiyaya nisbətən daha dar və ixtisaslaşmış sahədir. Reklam kampaniyaları, brendinq, qablaşdırma, çap materialları, xəritə və diaqramların yaradılması üçün istifadə edilir. Qrafika konkret dizayn elementləri və dizayn prinsipləri toplusudursa, rabitə yaradacaq şəxs hədəf kütləsinə mesajı doğru çatdırmaq üçün bu topludan strateji şəkildə istifadə edəndir. Lakin vizual kommunikasiya yalnız qrafik dizayn deyil. Çünki balet, teatr, foto və reklamlar da vizual ünsiyyət yaradan sahələrdir və bu istiqamətlərin heç biri qrafik dizaynın tərkibinə daxil deyil. Vizual ünsiyyət bir sahədirsə, qrafik dizayn bu sahədə bir alətdir və ünsiyyət qurmaq üçün istifadə edilir.
Qrafik dizayner müəyyən bir auditoriyanı məlumatlandırmaq, öyrətmək, inandırmaq və hətta əyləndirmək üçün vizual hazırlayırsa və yuxarıda sadalananlar vasitəsiylə bunu idarə edirsə artıq vizual kommunikasiya ilə məşğul olur.
Comments